Nach Genre filtern
- 1023 - Süni intellekt dövründə memarlıq | Nigar İbrahimzadə
Yeni videomuz süni intellektin memarlıqda yaradıcılıq prosesinə təsirinə həsr olunub. Memar Nigar İbrahimzadə süni intellektin memara qısa zamanda çoxsaylı alternativlər təqdim etməklə yaradıcılıq prosesini sürətləndirdiyini, lakin bunun insanın ideya yaradan şəxsdən daha çox seçim edən tərəfə çevrilməsi riskini də artırdığını deyir. Qonağımız həmçinin süni intellektin memarın düşüncə tərzinə, yaxşı dizayn haqqında təsəvvürlərinə təsirindən və bu prosesdə insanın yaradıcı və qərarverici rolunu qorumasının vacibliyindən danışır.
Mon, 09 Nov 2026 - 1022 - Niyə sərmayə həmişə iqtisadi inkişaf gətirmir? | Fikrət Valehli
Yeni videomuz ölkələr arasında iqtisadi inkişaf və məhsuldarlıq fərqlərinin səbəblərinə həsr olunub. İrvayn Kaliforniya Universitetinin iqtisadiyyat üzrə doktorantı Fikrət Valehli iqtisadi artımın yalnız kapital və sərmayənin həcmi ilə deyil, həm də mövcud resursların necə bölüşdürülməsi ilə bağlı olduğunu deyir. Qonağımız həmçinin vergi və subsidiya siyasətinin, torpaq bazarındakı problemlərin və digər iqtisadi maneələrin kapitalın səmərəli bölüşdürülməsinə necə təsir etdiyindən danışır.
Thu, 05 Nov 2026 - 1021 - Perfeksionizm haqqında bilməli olduqlarımız | Humay Eminzadə
Klinik psixoloq Humay Eminzadənin sözlərinə görə, mükəmməlliyə can atmaq bəzən insanın inkişafına təkan vermək əvəzinə, onun qarşısında maneəyə çevrilir. Perfeksionizmin arxasında səhv etmək, tənqid olunmaq və rədd edilmək qorxusunun dayandığını deyən spiker əlavə edir ki, bu cür insanlar uğur qazansalar belə, çox vaxt əldə etdikləri nəticələrdən zövq ala bilmirlər. Qonağımız həmçinin perfeksionizmin formalaşmasında ailə və məktəb mühitinin rolunu, uşağa qarşı yüksək gözləntilərin onun sonrakı həyatına təsirini izah edir.
Mon, 02 Nov 2026 - 1020 - Azərbaycanda təsviri sənət bazarı | Elçin Hüseyn
Sənətşünas Elçin Hüseyn ölkədə təsviri sənət bazarından, rəssamların öz yaradıcılıqlarına və fəaliyyətlərinə yanaşmasından, cəmiyyətin incəsənətə münasibətindən danışır. Onun fikrincə, rəsm əsərinin dəyərini təkcə texniki keyfiyyəti deyil, həm də rəssamın həyat hekayəsi, yaradıcılıq yolu və gələcək potensialı müəyyən edir. O, rəssamların özlərini və yaradıcılıqlarını peşəkar şəkildə təqdim etməsinin vacibliyini vurğulayır. Elçin Hüseyn həmçinin muzeylərə və qalereyalara marağın artırılmasının əhəmiyyətindən bəhs edir.
Thu, 29 Oct 2026 - 1019 - Breyk-dans: rəqs, idman və həyat tərzi | Fariz Musayev
Xoreoqraf Fariz Musayev bildirir ki, breyk-dans rəqs və idman növü olmaqla yanaşı, həm də özünü sərbəst ifadə etmək və yaradıcılığını ortaya qoymaq üçün gözəl fürsətdir. Qonağımızın sözlərinə görə, breyk-dans uşaqların təkcə fiziki inkişafına deyil, həm də özünəinamının artmasına, yeni dostlar qazanmasına və ünsiyyət bacarıqlarının inkişafına kömək edir. Rəqslə məşğul olmaq üçün heç vaxt gec olmadığını vurğulayan Fariz Musayev insanları başqalarının nə düşünəcəyindən çəkinmədən sevdikləri işlə məşğul olmağa çağırır.
Mon, 26 Oct 2026 - 1018 - Psixoterapiyada neyrofərqlilik: yanaşmalar və çətinliklər | Səbinə Nəzərova
Psixoloq və psixoterapevt Səbinə Nəzərova psixoterapiyada neyrofərqliliyin nəzərə alınmasının vacibliyindən danışır. Onun sözlərinə görə, autizm, diqqət əskikliyi və hiperaktivlik pozuntusu, eləcə də digər neyroinkişaf xüsusiyyətləri insanların gündəlik həyatına, sosial münasibətlərinə və psixoloji vəziyyətinə müxtəlif şəkildə təsir göstərir. Spiker vurğulayır ki, neyrofərqli insanların qarşılaşdıqları çətinlikləri anlamaq üçün yalnız diaqnoza deyil, onların fərdi həyat təcrübələrinə də diqqət yetirmək vacibdir.
Thu, 22 Oct 2026 - 1017 - Qadınların gözü ilə şəhər | Fidan Novruzova
Urbanistika üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin qadınların gündəlik ehtiyacları və təcrübələri nəzərə alınaraq planlaşdırılmasının əhəmiyyətindən danışır. İnsanlar eyni şəhərdə küçələrdən, ictimai nəqliyyatdan, parklardan və digər ictimai məkanlardan istifadə zamanı fərqli təcrübələr yaşaya bilirlər. Xüsusilə qadınların hərəkət imkanları, təhlükəsizliyi və qayğı öhdəlikləri şəhərsalmada kifayət qədər nəzərə alınmır. Qonağımız deyir ki, şəhər mühitində edilən nisbətən kiçik dəyişikliklər belə insanların gündəlik həyatını xeyli asanlaşdıra bilər.
Mon, 19 Oct 2026 - 1016 - ABŞ-da hüquq təhsili və hüquqşünas hazırlığı | Altay Mustafayev
ADA Universitetinin hüquq fakültəsinin professoru, İndiana Universitetinin hüquq elmləri doktoru Altay Mustafayev qeyd edir ki, ABŞ-da hüquq təhsilində nəzəri biliklərlə yanaşı, tələbələrin tənqidi düşüncə, araşdırma və problem həll etmə bacarıqlarının inkişafına xüsusi əhəmiyyət verilir. Qonağımız həmçinin ABŞ-da geniş tətbiq olunan Sokrat metodundan, real məhkəmə qərarları əsasında aparılan tədrisdən, tələbələrin hüquq klinikalarında praktiki təcrübə qazanmasından və universitetlərin hüquq jurnallarının onların gələcək karyeralarında oynadığı roldan danışır.
Thu, 15 Oct 2026 - 1015 - Vizyon nədir və bizə necə kömək edir? | Pərviz Abbasov
Hüquqşünas, Nyu-York Ştatı Vəkillər Kollegiyasının üzvü Pərviz Abbasovla vizyon anlayışının insanın şəxsi və peşəkar həyatındakı rolundan danışdıq. Qonağımız qeyd edir ki, vizyon çox vaxt formal bir anlayış kimi qəbul olunsa da, onun arxasında psixologiya, nevrologiya və liderlik sahəsində aparılan araşdırmalar dayanır. Pərviz Abbasovun sözlərinə görə, düzgün müəyyən edilmiş vizyon insana çatmaq istədiyi ünvanı aydın görməyə, bu yolda diqqətini əsas məqsəddən yayındırmamağa və motivasiyasını qorumağa kömək edir.
Mon, 12 Oct 2026 - 1014 - SevilFest: Eşidilməyi gözləyən hekayələr | Aygün Rəşidova
Kiçik bir təşəbbüs kimi başlayan SevilFest bu gün Azərbaycanın bir neçə şəhərində keçirilir və müxtəlif ölkələrdən rejissorları, filmləri və tamaşaçıları bir araya gətirir. Festivalın təsisçisi Aygün Rəşidova öz çıxışında qadınların hekayələrini eşitdirməyin, qadın rejissorları tanıtmağın və cəmiyyətdə danışılması çətin olan mövzulara sənədli kino vasitəsilə yer açmağın əhəmiyyətini qeyd edir. Qonağımız vurğulayır ki, bütün çətinliklərə baxmayaraq, SevilFest insanların birlikdə film izləyə, söhbət edə və bir-birini dinləyə bildiyi açıq məkan kimi yoluna davam edir.
Thu, 08 Oct 2026 - 1013 - Bir şəhəri anlamaq üçün onu piyada gəzməliyik | Anar Əliyev
Bloqer Anar Əliyevlə danimarkalı urbanist Yan Gelin bu yaxınlarda Azərbaycan dilində nəşr edilən “İnsan yönümlü şəhərlər” kitabı haqqında danışdıq. Kitab şəhərə insan gözü ilə baxmağı və küçələri insanların gündəlik ehtiyaclarına uyğun qurmağı təklif edir. Qonağımız nitqində tıxac problemi, ictimai nəqliyyatın effektivliyi, piyada və velosiped infrastrukturunun inkişafı məsələlərinə toxunur. O qeyd edir ki, Kopenhagen, Amsterdam və Paris kimi şəhərlərin təcrübəsi insan yönümlü yanaşmanın küçələri daha canlı, təhlükəsiz və iqtisadi baxımdan fəal edə biləcəyini göstərir.
Mon, 05 Oct 2026 - 1012 - Köç yolu: Yaşayan ənənə, davam edən mədəniyyət | Elçin Kərimov
Azərbaycanda əsrlərdir davam edən yarımköçəri həyat tərzi bu gün də yaşayır. Yaylaqla qışlaq arasında uzanan Köç yolu adi bir yol deyil, həm də Azərbaycan tarixinin və mədəniyyətinin bir hissəsidir. Bu yol boyunca qədim yaşayış formaları, inanclar, adətlər və təbiətlə bağlı biliklər nəsildən-nəslə ötürülüb. Bu gün Köç yolu və Xınalığın yarımköçəri mədəniyyəti UNESCO tərəfindən qorunan irsin bir hissəsidir. Yeni videomuzda turizm mütəxəssisi və Heritage Azerbaijan-ın təsisçisi Elçin Kərimov bu qədim yol haqqında danışır.
Thu, 01 Oct 2026 - 1011 - Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik? | İkram Gabiyev
Süni intellekt dövründə rəqabətdə geri qalmamaq və aktuallığı itirməmək üçün təkcə nəzəri biliklər artıq kifayət etmir. Google şirkətində proqram mühəndisi kimi çalışan İkram Gabiyev hesab edir ki, uşaqlar erkən yaşlardan eksperiment aparmağı, yeni ideyaları sınaqdan keçirməyi və praktik problemləri həll etməyi öyrənməlidirlər. Qonağımız vurğulayır ki, təhsil sistemində robototexnika, proqramlaşdırma və laboratoriya işlərinə daha geniş yer verilməsi gələcək nəsli sürətlə dəyişən texnologiya mühitinə daha yaxşı hazırlaya bilər.
Thu, 30 Jul 2026 - 1010 - Büdcə planlaması: Xərclərimizi nə qədər düzgün idarə edirik? | Nərgiz Əkbərova
Peşəkar kouç Nərgiz Əkbərova gəlir və xərcləri düzgün idarə etməyin, eləcə də maliyyə hədəflərinə çatmağın praktik yollarını bölüşür. O deyir ki, büdcə planlaması insanın həyatını məhdudlaşdırmır, əksinə, ona daha çox maliyyə azadlığı qazandırır. Spiker impulsiv alış-verişdən yayınmağın, ehtiyacla istəyi ayırd etməyin və fövqəladə hallar üçün maliyyə ehtiyatı yaratmağın əhəmiyyətini vurğulayır. O, həmçinin maliyyə savadlılığının uşaqlıqdan formalaşdırılmasının vacibliyini və valideynlərin bu prosesdə rolunu xüsusi qeyd edir
Mon, 27 Jul 2026 - 1009 - Universitetlər arasında daha yaxşı reytinq uğrunda yarış | Cavid Cəfərov
Breda Universitetinin tədqiqat və strateji inkişaf üzrə mütəxəssisi Cavid Cəfərov qlobal miqyasda rəqabət üzərində formalaşmış ali təhsil ekosistemində universitet reytinqlərinin rolundan danışır. Qonağımız universitet reytinqlərinin müsbət tərəflərini qeyd etməklə yanaşı, bəzi universitetlərin dayanıqlı uğurun əsasını təşkil edən keyfiyyətli tədqiqat, akademik nəşrlər və yüksək səviyyəli təhsilə deyil, daha çox reytinqlərin yüksəldilməsinə üstünlük verməsinin yaratdığı problemlərə diqqət çəkir.
Thu, 23 Jul 2026 - 1008 - Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə
Klinik psixoloq Humay Eminzadə asılılığın beyində necə formalaşdığını, onun qərarvermə, emosiyalar və gündəlik həyata təsirini elmi əsaslarla izah edir. Spiker sosial media və telefon istifadəsindən tutmuş münasibət və maddə asılılığına qədər müxtəlif asılılıq növlərinin ortaq mexanizmlərini və risk faktorlarını müzakirə edir. Çıxışda həmçinin asılılığın ailəyə, psixi sağlamlığa və həyat keyfiyyətinə təsiri, eləcə də müalicə və profilaktika yolları haqqında praktik tövsiyələr təqdim olunur.
Mon, 20 Jul 2026 - 1007 - Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova
Yeni videomuzda kommunikasiya üzrə ekspert Jalə Abbasova yumşaq bacarıqların gələcəyin ən vacib kompetensiyalarından biri olacağını əsaslandırır. O, texniki biliklərin uğur üçün kifayət etmədiyini, effektiv ünsiyyət, liderlik, empatiya və adaptasiya bacarıqlarının real nəticələri müəyyənləşdirdiyini vurğulayır. Çıxışda beynəlxalq araşdırmalara əsaslanaraq yumşaq bacarıqların əmək bazarında artan əhəmiyyəti və süni intellekt dövründə oynadığı rol təqdim olunur. Qonağımız həmçinin bu bacarıqların anadangəlmə olmadığını, davamlı təcrübə və özünü inkişaf etdirmə ilə formalaşdığını qeyd edir.
Thu, 16 Jul 2026 - 1006 - Handicraft Baku: Yaradıcı sahibkarları bir araya gətirən məkan | Jalə Nəcəfova
Handicraft Baku platformasının həmtəsisçisi Jalə Nəcəfova ölkədə yerli brendlərin inkişafı üçün formalaşdırılan dəstək platformasının yaranma hekayəsini bölüşür. O, çıxışında Handicraft-ın kiçik təşəbbüsdən geniş yaradıcı icmaya çevrilməsi, yerli istehsalçıların qarşılaşdığı çətinliklər və onların inkişafı üçün yaradılan imkanlardan danışır. Qonağımız platformanın formalaşdırdığı ekosistemdən, eləcə də yaradıcı sənayelərin inkişafı istiqamətində atılan addımlardan bəhs edir.
Mon, 13 Jul 2026 - 1005 - Mental sağlamlıq: Uşaqları və gəncləri nə qədər eşidirik? | Gülsüm Məmmədova
Yeni videomuzda uşaqlar və gənclərlə iş üzrə mütəxəssis, mental sağlamlıq üzrə tədqiqatçı Gülsüm Məmmədova uşaqların və gənclərin ailə, məktəb və sosial mühitdə qazandıqları təcrübələrin onların emosional rifahına necə təsir etdiyini izah edir. Qonağımız uzun illərin praktik təcrübəsindən və beynəlxalq elmi tədqiqatlardan əldə etdiyi müşahidələri bölüşərək, uşaqların hisslərini hekayələr, rəsmlər və yaratdıqları obrazlar vasitəsilə necə ifadə etdiklərini, eləcə də ailə dəstəyinin onların mental sağlamlığında oynadığı həlledici rolu izah edir.
Thu, 09 Jul 2026 - 1004 - Şəhərsalmada təbiət əsaslı həllər | Fidan Namazova
Urbanizasiya üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin insan həyatına və psixi sağlamlığa təsirindən bəhs edir. O, çıxışında neyrourbanizm, təbiətə əsaslanan həllər, yaşıllıq və parkların insan rifahına təsiri, eləcə də dünyanın uğurlu şəhərsalma nümunələrindən danışır. Fidan Namazova vurğulayır ki, şəhərlər yalnız binalar və yollardan ibarət deyil. Onun sözlərinə görə, düzgün şəhərsalma insanların sağlamlığını, psixi rifahını və həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət etməlidir.
Mon, 06 Jul 2026 - 1003 - Memarlıqda davamlı materiallar artıq seçim deyil, zərurətdir | Nərmin Qasımova
Memar-dizayner Nərmin Qasımova iqlim dəyişikliyi və təbii sərvətlərin tükənməsi fonunda memarlıq və dizaynın üzərinə düşən məsuliyyətdən danışır. Qonağımız material seçiminin müasir memarlığın ən vacib qərarlarından birinə çevrildiyini və bunun həm ətraf mühitə, həm də gələcək nəsillərə təsir göstərdiyini vurğulayır. Spiker davamlılığın layihələndirmə prosesinin ilk mərhələsindən nəzərə alınmasının vacibliyindən və memarlıq təhsilində bu yanaşmanın rolundan bəhs edir.
Thu, 02 Jul 2026 - 1002 - Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər | Elmir Mirzəyev
Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev Azərbaycan mədəniyyətinin unikallığının modernliklə ənənə arasında qurulan tarazlıqdan qaynaqlandığını bildirir. O, çıxışında bu tarazlığın milli musiqimizi və milli kimliyimizi necə formalaşdırdığını izah edir. Qonağımız Üzeyir Hacıbəylinin yaradıcılığını, Bakının yüksəlişini, texnoloji yeniliklərin musiqiyə təsirini, eləcə də imperiyaların, modernləşmənin və sənaye inqilabının Azərbaycan musiqi mədəniyyətində buraxdığı izləri təhlil edir.
Mon, 29 Jun 2026 - 1001 - Qadın sahibkarlığı: Rifahın görünməyən mühərriki | Natavan Fırat
United Aid for Azerbaijan (UAFA) təşkilatının biznes inkişafı meneceri Natavan Fırat deyir ki, sosial sahibkarlıq qadınlara gəlir əldə etməklə yanaşı, mənsub olduqları icmalarda müsbət dəyişikliklər yaratmaq imkanı verir. Spiker vurğulayır ki, dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı qadınların sahibkarlığa giriş risklərini azaldır və onların uğur qazanmasına şərait yaradır. Qonağımız qeyd edir ki, iqtisadi cəhətdən müstəqil qadınlar daha dayanıqlı, sabit və firavan cəmiyyətin formalaşmasına mühüm töhfə verirlər.
Thu, 25 Jun 2026 - 1000 - Uşaq ədəbiyyatı haqqında təsəvvürünüzü dəyişəcək beş fikir | Qismət Rüstəmov
Uşaq ədəbiyyatı sadəcə uşaqları əyləndirmək üçün yazılır, yoxsa onların dünyagörüşünü formalaşdıran güclü bir vasitədir? Yazıçı Qismət Rüstəmov nağılların psixoloji təsirindən uşağın ədəbiyyatda necə təmsil olunmasına, inklüzivlikdən vizual savadlılığa qədər uşaq ədəbiyyatına baxışımızı dəyişən beş mühüm nəzəriyyədən danışır. Bu nəzəriyyələr həm böyüklərin uşaqlar üçün necə yazdığını, həm də uşaqların kitablardan nə öyrəndiyini və nə qazandığını yenidən düşünməyə çağırır.
Mon, 22 Jun 2026 - 999 - Rəqəmsal vətəndaşlıq: Müasir dövrün vacib həyat bacarığı | Ülfanə İsmayıllı
Yeni videomuzda Ülfanə İsmayıllı rəqəmsal vətəndaşlığın nə olduğunu və onun rəqəmsal savadlılıqdan necə fərqləndiyini izah edir. Qonağımız dezinformasiya, kibertəzyiq, şəxsi məlumatların paylaşılması və onlayn təhlükəsizlik kimi mövzuların məktəblərdə müzakirəsinin əhəmiyyətindən danışır. Gələcəyin daha da rəqəmsallaşacağını vurğulayan spiker bildirir ki, məsuliyyətli və məlumatlı rəqəmsal vətəndaşların yetişdirilməsi təhsilin əsas vəzifələrindən birinə çevrilir.
Thu, 18 Jun 2026 - 998 - Süni intellekt dövründə təhsil: daha az əzbər, daha çox eksperiment | İkram Gabiyev
Növbəti videomuz süni intellektin təhsildə yaratdığı yeni imkanlara həsr olunub. İkram Qəbiyev bildirir ki, süni intellekt mürəkkəb mövzuları şagirdlərin yaşına və qavrama səviyyəsinə uyğun şəkildə izah etməyə, eləcə də fərdiləşdirilmiş öyrənməni daha əlçatan etməyə imkan yaradır. Qonağımız vurğulayır ki, gələcəyin təhsilində əsas məqsəd hazır cavabları əzbərləmək deyil, eksperiment aparmaq, problemləri araşdırmaq və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək olmalıdır.
Mon, 15 Jun 2026 - 997 - Kibercinayət qurbanı olmamaq üçün nələri bilməliyik? | Elçin Məmmədov
Müxtəlif hesablarımız və şəxsi məlumatlarımız rəqəmsal həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, onların təhlükəsizliyi də hər zamankından daha vacib olur. Yeni videomuzda kibertəhlükəsizlik mütəxəssisi Elçin Məmmədov insanların ən çox hansı kiber risklərlə üzləşdiyini və kibercinayətkarların insan psixologiyasından necə istifadə etdiyini izah edir. Spiker həmçinin hər bir istifadəçinin tətbiq edə biləcəyi sadə, lakin effektiv təhlükəsizlik tədbirlərindən bəhs edir.
Thu, 11 Jun 2026 - 996 - Hərbi sənayedə süni intellekt yarışı: “Hayp”, yoxsa reallıq? | Zakir Rzazadə
Tədqiqatçı Zakir Rzazadə süni intellekt və yeni texnologiyaların hərbi müdafiə sənayesində yaratdığı dəyişikliklərdən danışır. Onun sözlərinə görə, əsasən ABŞ-da fəaliyyət göstərən süni intellekt əsaslı müdafiə startapları təkcə yeni məhsullar yaratmır, həm də gələcəyin müharibəsi haqqında təsəvvürləri formalaşdırmağa çalışırlar. Qonağımız bu çıxışında ənənəvi müdafiə sənayesi ilə yeni texnologiya şirkətləri arasındakı fərqləri, vençur kapitalının rolunu və süni intellekt ətrafında yaranan “şişirdilmiş gözləntilər” fenomenini təhlil edir.
Mon, 08 Jun 2026 - 995 - Rəqəmsal platformalarda nəyi görəcəyimizə kim qərar verir? | Pəri Abbaslı
Sosial media platformaları hansı paylaşımların silinəcəyinə, hansılarının isə milyonlarla insana göstəriləcəyinə necə qərar verir? Süni intellekt və alqoritmlər istifadəçiləri qorumağa çalışsa da, bəzən satira, aktivizm və ictimai əhəmiyyətli mövzuların da görünməz olmasına səbəb ola bilir. Bəs təhlükəsizliklə söz azadlığı arasındakı sərhəd harada başlayır və harada bitir? Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı ilə bu videoda platforma idarəçiliyinin, kontent moderasiyasının və rəqəmsal dövrdə ifadə azadlığının gələcəyini müzakirə edirik.
Thu, 04 Jun 2026 - 994 - Qədimdən bəri bitməyən şikayət: “Ah, bu indiki gənclər…” | Yalçın İslamzadə
“İndiki gənclər əvvəlkilərdən daha pisdir” fikri doğrudanmı həqiqətdir, yoxsa hər nəslin təkrarladığı köhnə bir stereotipdir? Təhsil eksperti Yalçın İslamzadə hesab edir ki, problemin əsas səbəbi gənclərin dəyişməsi deyil, cəmiyyətin və təhsil sisteminin dəyişən dövrün reallıqlarına uyğunlaşa bilməməsidir. Niyə gənclər özlərini anlaşılmamış hiss edirlər? Məktəb və valideynlər harada səhv edirlər? Cəza və sərt nəzarət həqiqətən nəticə verirmi? Bu barədə daha ətraflı yeni müsahibəmizdə.
Mon, 01 Jun 2026 - 993 - Süni intellektin ağıllı söhbətləri arxasında gizlənən həqiqət | Adnan Axundov
Adnan Axundov həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə texnologiya sahəsində 25 ildən artıq təcrübəyə malikdir. Son 10 ildə fəaliyyətini süni intellekt üzərində cəmləşdirən Adnan, Münhen Texniki Universitetində süni intellekt və maşın öyrənməsi üzrə təhsil aldıqdan sonra Volkswagen-in Süni İntellekt Tədqiqat Laboratoriyasında çalışıb. Daha sonra Facebook, Instagram və WhatsApp platformalarının sahibi olan Meta şirkəti tərəfindən inkişaf etdirilən PyTorch açıq mənbəli maşın öyrənməsi platforması üzərində çalışaraq dünya miqyaslı süni intellekt infrastrukturu və tətbiqi maşın öyrənməsi sistemlərinin hazırlanmasında iştirak edib. Öz nitqində süni intellekt mühəndisi Adnan Axundov son illərdə həyatımızın bir hissəsinə çevrilən süni intellekt texnologiyalarının necə işlədiyindən danışır. O, süni intellekt sistemlərinin insan dilini necə anlamağa çalışdığını, məlumatlardan necə öyrəndiyini və niyə insan kimi görünən cavablar verdiyini izah edir. Bu video vasitəsilə maşın öyrənməsi və böyük dil modelləri kimi anlayışlarla sadə və anlaşılan formada tanış olacaqsınız.
Thu, 28 May 2026 - 992 - Təbii qida bazarındakı boşluqdan yaranan təşəbbüs | Maya Səbzəliyeva
SM Fresh Oil brendinin təsisçisi Maya Səbzəliyeva öz çıxışında aldığı tibb təhsilinin və sağlam qidalanmaya olan marağının onu təbii məhsullar sahəsinə gətirməsindən danışır. Qonağımız bazarda keyfiyyətli və təzə yağ tapa bilmədiyi üçün bu məhsulları özü istehsal etməyə başladığını və zamanla bunun uğurlu biznesə çevrildiyini izah edir. Spiker həmçinin sağlam yağlar, trans yağlar və insanların qidalanma ilə bağlı yayılmış yanlış təsəvvürləri haqqında danışaraq, təbii məhsulların uzunmüddətli sağlamlıq üçün əhəmiyyətini vurğulayır.
Mon, 25 May 2026 - 991 - Sahibkarlıq ruhu və bacarıqları uşaqlıqdan inkişaf etdirilə bilər | Günel Yaşar
“Nağılçı” Uşaq Yaradıcılıq Atelyesinin və Unicorn Academy-nin təsisçisi Günel Yaşar hesab edir ki, süni intellekt dövründə uşaqların innovativ düşüncə, təşəbbüskarlıq və texnologiya bacarıqlarını erkən yaşlardan inkişaf etdirməsi vacibdir. Qonağımız vurğulayır ki, gələcəyin peşələri və iş prinsipləri sürətlə dəyişdiyi üçün uşaqların yaradıcılıq və təşəbbüskarlıq düşüncəsi ilə böyüməsi böyük üstünlüyə çevriləcək. Spikerin fikrincə, uşaqlar yalnız texnoloji alətlərdən istifadə etməyi deyil, həm də yeni ideyalar yaratmağı və dəyişən dünyaya uyğunlaşmağı bacarmalıdırlar.
Thu, 21 May 2026 - 990 - Məsafədən iş modeli: müvəqqəti trenddən yeni reallığa doğru | Nərmin Elçin
Nərmin Elçin rəqəmsal marketinq sahəsində regional müştəri təmsilçisidir. Peşəkar fəaliyyəti dövründə həm ofisdən, həm də hibrid çalışma təcrübəsi olsa da, son iki ildə tam məsafədən çalışır. Yeni videomuzda qonağımız pandemiyadan sonra geniş yayılmağa başlayan məsafədən iş modelinin zamanla bir çox insan üçün prioritetə çevrilməsindən danışır. Spiker bu modelin zaman və coğrafi azadlıq, rahat iş mühiti kimi üstünlüklərindən bəhs etməklə yanaşı, onun tələb etdiyi məsuliyyət və intizamdan da söz açır.
Mon, 18 May 2026 - 989 - Təhsil biliyi və təcrübəni önə çəkir, bəs emosiyalarımızı idarə etmək necə? | Elmina Kazımzadə
Təhsil psixoloqu və Bakı Dövlət Universitetinin dosenti Elmina Kazımzadə deyir ki, uşaqlara sadəcə bilik vermək kifayət deyil. Onların emosiyalarını anlamağı, stresi idarə etməyi, başqalarının fikirlərinə və hisslərinə hörmət etməyi öyrənməsi ən azı akademik təhsil qədər önəmlidir. Spikerin fikrincə, bu məsuliyyət yalnız məktəb psixoloqlarının deyil, müəllimlərin və valideynlərin də üzərinə düşür. O vurğulayır ki, uşaqlara hazır cavablar vermək yox, düşünmək və seçim etmək fürsəti yaratmaq daha vacibdir.
Thu, 14 May 2026 - 988 - Yazı bacarığı olmayan cəmiyyət tərəqqidən geri qalır | Günel Kərimova
ADA Universitetinin müəllimi Günel Kərimova yeni videomuzda akademik yazının əhəmiyyəti və kölgə yazarlığı probleminə toxunub. Spiker deyir ki, son illərdə sosial media vasitəsilə akademik yazı xidmətlərinin sayının artması, o cümlədən süni intellektdən bu sahədə fəal istifadə olunması akademik yazı bacarıqlarının zəifləməsinə səbəb olur. Qonağımız vurğulayır ki, akademik yazı yalnız qiymət almaq vasitəsi deyil, düşünməyi, arqument qurmağı və öz fikirlərini ifadə etməyi öyrədən bir prosesdir.
Mon, 11 May 2026 - 987 - Gözəllik tələsi: Niyə hamı eyni görünməyə çalışır? | Lalə Kişiyeva
Media mütəxəssisi Lalə Kişiyeva ilə yeni videomuzu sosial medianın və gözəllik sənayesinin necə yeni gözəllik standartları formalaşdırdığına həsr etmişik. Qonağımız müxtəlif tətbiqlərin, alqoritmlərin və davamlı müqayisənin insanların psixologiyasına təsiri haqqında danışıb. Spiker vurğulayır ki, sosial media vasitəsilə bu cür gözəllik standartlarının geniş təşviq olunması yeniyetmələrdə özgüvən problemləri yaradır. O əlavə edir ki, şirkətlərin “özünə qayğı” mesajı altında insanlara əlçatmaz standartlar aşılamaq cəhdi problemi daha da dərinləşdirir.
Thu, 07 May 2026 - 986 - Just Bread: Sağlam çörəklə başlayan biznes hekayəsi | Fidan Axundova
Just Bread çörək evinin həmtəsisçisi Fidan Axundova sağlam qida ideyasının necə real biznesə çevrildiyini izah edir. O, Bakıda keyfiyyətli və faydalı çörək çatışmazlığını görərək bu sahədə dərin biliklər əldə etdiklərini və hər şeyi sıfırdan qurduqlarını qeyd edir. Bu hekayədə kiçik bir ideyanın necə isti icmaya çevrildiyini, müştərilərlə qurulan etibarın gücünü görəcəksiniz. Qayğı və dəyərlər üzərində qurulan bu biznes barədə daha çox öyrənmək üçün yeni videomuzu izləyin.
Mon, 04 May 2026 - 985 - Xaricdə təhsil: akademik uğur və kölgədə qalan sosial bacarıqlar | Anar Vəliyev
ADA Universitetinin dosenti Anar Vəliyev ölkədə uşaqlarını xaricdə oxutmaq istəyən valideynlərin sayının artmasından və onların əsasən akademik hazırlığa fokuslanaraq uşaqların xaricdə müstəqil həyata hazırlığını diqqətdən kənarda qoymalarından danışır. Spiker qeyd edir ki, bu səbəbdən bir çox gənc xaricdə təhsil almaq imkanı əldə etsə də, həyat bacarıqları yetərli olmadığı üçün müxtəlif çətinliklərlə üzləşir. Anar Vəliyev vurğulayır ki, təhsil yalnız diplom demək deyil, eyni zamanda insanın yetkinləşməsi və formalaşması prosesidir.
Thu, 30 Apr 2026 - 984 - Sənətin özünüifadə və düşüncənin formalaşmasındakı rolu | Soltan Soltanlı
Rəssam Soltan Soltanlı sənəti həm şəxsi çağırış, həm də ictimai məsuliyyət kimi dəyərləndirir. Gənc yaşlarından rəssamlığa bağlı qalan və öz yaradıcılıq yolunu müstəqil şəkildə formalaşdıran spiker vurğulayır ki, sənətdə ən vacib məsələ orijinallıqdır və hər bir sənətkar öz üslubunu, öz baxışını yaratmalıdır. Qonağımız qeyd edir ki, ciddi sənət davamlı dövlət və ictimai dəstək olmadan inkişaf edə bilməz.
Mon, 27 Apr 2026 - 983 - Təbiətin gücü: kəşf edərək öyrənmək | Pəri Osmanova
Məktəbəqədər təhsil mütəxəssisi Pəri Osmanova uşaqların öyrənmə prosesində təbiətin rolundan danışır. O deyir ki, öyrənmək yalnız sinif otağı ilə məhdudlaşmır və təbiət uşaqlar üçün ən güclü resurslardan biridir. Spikerin fikrincə, yağışa toxunmaq, torpağın qoxusunu hiss etmək, qarışqaları izləmək kimi sadə təcrübələr uşaqlarda yaradıcılığı, səbr və problem həll etmə bacarığını inkişaf etdirir. Pəri Osmanova vurğulayır ki, biz uşaqlara hər şeyi öyrədə bilmərik, amma onlara öyrənməyi öyrədə bilərik. Bunun üçün isə uşağa kəşf etmək imkanı vermək vacibdir.
Thu, 23 Apr 2026 - 982 - Dronlar müharibələri necə dəyişdi? | Zakir Rzazadə
Tədqiqatçı Zakir Rzazadə müasir döyüşlərdə dron texnologiyasının artan rolunu və “dron inqilabı” anlayışının nə dərəcədə əsaslı olduğunu analiz edir. Qonağımız bildirir ki, dronlar həm əlçatanlıq, həm də ucuzluq baxımından müharibənin dinamikasını dəyişsə də, bu dəyişikliklər bəzən şişirdilmiş şəkildə təqdim olunur. Dronların effektivliyinin zamanla dəyişdiyini və qarşı tərəfin bu təhdidlərə uyğunlaşdığını deyən qonağımız əlavə edir ki, dron istifadəsində əsas dönüş nöqtəsi texnoloji deyil, daha çox iqtisadi məntiqdədir.
Mon, 20 Apr 2026 - 981 - İnfluenserlər jurnalist kimi: məsuliyyət harada başlayır və harada bitir? | Pəri Abbaslı
İnfluenserlər ictimai fikrə necə təsir edir və bu güc onlara hansı məsuliyyətləri yükləyir? Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı bizimlə söhbətində bu sualları təhlil edir. O vurğulayır ki, sosial media platformalarında böyük auditoriyaya sahib olmaq jurnalist olmaq demək deyil. Belə ki, jurnalistika peşəkar standartlar, redaksiya nəzarəti və fakt yoxlama mexanizmlərinə əsaslanır. Bununla belə, influnserlərin təsir gücü danılmazdır və bu, onlardan daha məsuliyyətli davranış tələb edir.
Thu, 16 Apr 2026 - 980 - Şəhərlər və iqlim böhranı: artan yük və çıxış yolları | Rövşən Abbasov
Ətraf mühit eksperti Rövşən Abbasovla şəhərləşmə, iqlim dəyişmələri və urban həyatın yaratdığı çoxşaxəli təsirlər haqqında danışdıq. O, çıxışında dünya əhalisinin böyük hissəsinin şəhərlərdə yaşamasının və istehlakın əsasən burada cəmlənməsinin şəhərləri istixana qazlarının, çirklənmənin və iqlim dəyişmələrinin əsas mənbəyinə çevirdiyini izah edir. Spiker qeyd edir ki, plansız urbanizasiya, gecəqondulaşma və resurs çatışmazlığı bu problemləri daha da dərinləşdirir. Qonağımız güclü planlaşdırma, səmərəli nəqliyyat, yaşıl ərazilər, effektiv tullantı idarəçiliyi və keyfiyyətli su təminatının əhəmiyyətini vurğulayır.
Mon, 13 Apr 2026 - 979 - Niyə innovativ gənclər ölkəni tərk etməyə meyllidir? | Yalçın İslamzadə
Təhsil eksperti Yalçın İslamzadə ilə Azərbaycanda innovasiyanın niyə ləng getdiyi haqqında danışdıq. O, çıxışında dəyişiklikdən qorxunun, keçmişə həddindən artıq bağlılığın və zəif institutların gənc potensialı necə məhdudlaşdırdığını vurğulayır. Spiker əlavə edir ki, təhsil sistemində əzbərçiliyin üstünlük təşkil etməsi tənqidi düşüncənin formalaşmasına mane olur. Qonağımızın fikrincə, çıxış yolu nəticəyə əsaslanan yanaşma, güclü mühit və qlobal düşüncəyə açıq olmaqdan keçir.
Thu, 09 Apr 2026 - 978 - Gənc alimlərin çətinlikləri: mühit və resurs çatışmazlığı | Murad Mir-Zadə
Milan Politexnik Universitetinin doktorantı Murad Mir-Zadə Azərbaycanda gənc tədqiqatçılar üçün elmi gündəliyin əsas istiqamətləri haqqında öz müşahidələrini bölüşür. O, universitetlərin qlobal müstəvidə rəqabətə diqqət ayırması ilə yanaşı, yerli elmi icma üçün uyğun mühitin formalaşdırılmasının vacibliyini vurğulayır. Qonağımız qeyd edir ki, tədqiqat yoluna çıxan gənc alimlər yüksək hədəflərə baxmayaraq, çox vaxt praktiki dəstəyin çatışmazlığı ilə üzləşirlər. Nəticədə, resurslara və imkanlara çıxışın məhdudluğu alimlərin potensial töhfələrinin ləngiməsinə səbəb olur.
Mon, 06 Apr 2026 - 977 - Regionlarda yaradıcı gənclər: çətinliklər və fürsətlər | Kafiyə Eyvazova
Rəssam Kafiyə Eyvazova regionlarda yaşayan yaradıcı gənclərin üzləşdiyi problemlərə işıq salır. O qeyd edir ki, erkən yaşlardan istedad göstərsələr də, imkanların, rol modellərinin və düzgün istiqamətləndirmənin çatışmazlığı onların inkişafını məhdudlaşdırır. Akademik təhsil imkanlarının azlığı, incəsənət məkanlarının və sərgilərin olmaması, eləcə də incəsənətə qeyri-ciddi peşə kimi yanaşma gənclərin bu sahədən uzaqlaşmasına səbəb olur. Təhsil alanların bölgələrdə iş tapa bilməməsi isə onların paytaxta yönəlməsi ilə nəticələnir.
Thu, 02 Apr 2026 - 976 - Kouçluq peşəsi və bazardakı yanlış təsəvvürlər | Leyla Surxayzadə
Son illərdə tez-tez adı çəkilən kouçluq anlayışı bu sahə ilə bağlı müxtəlif və bəzən də yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olub. Erickson Coaching Azərbaycan təmsilçisi Leyla Surxayzadə ilə söhbətimiz izləyicilərə kouçluğun nə olduğunu və necə işlədiyini anlamağa kömək edir. Qonağımız Azərbaycanda bu sahədə qeyri-peşəkar yanaşmaların geniş yayıldığını və düzgün kouçu seçməyin vacibliyini vurğulayır. O, həmçinin kouçluğun psixologiya, mentorluq və motivasiya ilə fərqlərini aydın və konkret nümunələrlə izah edir.
Mon, 30 Mar 2026 - 975 - Valideynin uşağın təhsilində iştirakının vacibliyi və reallıqlar | Ülviyyə Mikayılova
Təhsil mütəxəssisi Ulviyyə Mikayılova deyir ki, pedaqogikada valideyn uşağın ilk müəllimi hesab olunur, lakin bu rolu yerinə yetirmək üçün cəmiyyətimizdə kifayət qədər dəstək yoxdur. Qonağımız bildirir ki, araşdırmalar valideynlərlə ünsiyyətin və birgə vaxt keçirməyin uşaqların təhsil nəticələrinə ciddi təsir etdiyini göstərir. Təhsil mütəxəssisinin sözlərinə görə, Azərbaycan ailə modeli dəyişir və bu dəyişiklik məktəb və ailə əməkdaşlığının yeni formalarını tələb edir. O vurğulayır ki, uşaqların uğurlu inkişafı üçün məktəb və ailə arasında daha güclü dialoq və əməkdaşlıq qurulmalıdır.
Thu, 19 Mar 2026 - 974 - Çörək həqiqətən sağlamlığa zərərlidirmi? | Lalə Yaqubova
Çörəyin sağlamlığa zərər verdiyi və rasiondan çıxarılmalı olduğu barədə tövsiyələrə tez-tez rast gəlirik. Dietoloq Lalə Yaqubova qeyd edir ki, bu cür yanaşmalar hər zaman elmi və praktik əsaslara söykənmir və problemi yalnız bir qidanın üzərinə yükləmək doğru deyil. Qonağımızın sözlərinə görə, həkimlər daha çox ümumi həyat tərzinə və balanslı qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. O əlavə edir ki, orqanizmin əsas enerji mənbələrindən biri karbohidratlardır və bədənin ehtiyaclarını qarşılamaq üçün onları balanslı şəkildə, xüsusilə də taxıl məhsullarından əldə etmək vacibdir.
Mon, 16 Mar 2026 - 973 - Azərbaycanda moda sənayesinin potensialı | Könül Quliyeva
Chenille Fashion School-un qurucusu Könül Quliyeva Azərbaycanda moda təhsilinin problemləri və bu sahənin gələcək potensialı haqqında danışır. O qeyd edir ki, ölkədə istedadlı və kreativ gənclər çoxdur, lakin əsas məsələ bu yaradıcılığı peşəyə çevirmək üçün sistem qurmaqdır. Qonağımız həmçinin dizaynerlərin təkcə yaradan deyil, həm də iqtisadi qərarlar verən mütəxəssislər olmasının vacibliyini vurğulayır və əlavə edir ki, təhsil, istehsal və bazar arasında güclü əlaqə qurulsa, Azərbaycan moda sahəsində regional mərkəzə çevrilə bilər.
Thu, 12 Mar 2026 - 972 - Millətçilik təhlükəlidirmi? | İsmayıl Zeynallı
Milliyyət Araşdırmalar Mərkəzinin direktoru İsmayıl Zeynallı ilə millətçilik haqqında yayılmış təsəvvürlər mövzusunda danışdıq. Qonağımız qeyd edir ki, 20-ci əsrdə millətçilik zəminində baş vermiş müharibələr nümunə kimi göstərildikdə, həmin müharibələrin digər mühüm amilləri olan siyasi manipulyasiya, revanşizm və təbii resurslar uğrunda mübarizə əksər hallarda diqqətdən kənarda qalır. Eyni zamanda, Zeynallı vurğulayır ki, son əsrdə millətçiliyin demokratik inkişafa, sosial rifahın güclənməsinə və kollektiv məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini göstərən müsbət nümunələr də az deyil.
Mon, 09 Mar 2026 - 971 - Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı azərbaycanlı gənclər üçün xaricdə təhsil imkanlarının azlığı səbəbindən yaranmış boşluğu qismən doldurmağı hədəfləyir. Proqram şəhid Məhəmmədəli İbrahimlinin dostları tərəfindən həm onun xatirəsini yaşatmaq, həm də Azərbaycanın inkişafına töhfə vermək məqsədilə təsis edilib. Proqramın nümayəndəsi Ziya Kazımzadə qeyd edir ki, niyyətləri yalnız bu təqaüdü böyütmək deyil, ümumilikdə ölkədə daha çox təqaüd təşəbbüsünün yaranmasına və gənclərin təhsil imkanlarının genişlənməsinə töhfə verməkdir.
Thu, 05 Mar 2026 - 970 - Məktəbdə sosial-emosional mühit niyə vacibdir? | Elmina Kazımzadə
Təhsil psixoloqu və Bakı Dövlət Univetsitetinin dosenti Elmina Kazımzadə deyir ki, öyrənmənin keyfiyyəti bir qrup şagirdin müvəffəqiyyəti ilə deyil, məktəbdə hər kəsin faydalanacağı emosional və sosial iqlimdən asılıdır. Qonağımız vurğulayır ki, məktəb iqlimi gündəlik münasibətlərdə, ünsiyyət tərzində və liderliyin yaratdığı atmosferdə özünü göstərir. O əlavə edir ki, bu cür mühitin formalaşmasında və davamlı olmasında mühüm rol oynayan sosial-emosional bacarıqların inkişaf etdirilməsi bütün məktəb icmasının və müəllim hazırlığının ayrılmaz hissəsi olmalıdır.
Mon, 02 Mar 2026 - 969 - Erkən yaşlarda qidalanma, hərəkət və sağlam vərdişlər | Nilufər Mehdiyeva
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva deyir ki, valideynlər tez-tez uşağın çox yeməsini sağlamlıq göstəricisi kimi qəbul edirlər, halbuki vacib olan qidanın keyfiyyəti və düzgün qidalanma vərdişləridir; bunlar isə çox vaxt arxa planda qalır. Spikerin sözlərinə görə, valideynlər fast food, qazlı içkilər və paketlənmiş məhsulların uşağın inkişafına mənfi təsirini bilsələr də, əməldə övladlarını bu cür qidalanma vərdişlərindən uzaq saxlamaqda çətinlik çəkirlər. Qonağımız vurğulayır ki, ekranlardan uzaq süfrə mədəniyyəti yaratmaq çox önəmlidir.
Thu, 26 Feb 2026 - 968 - Niyə yalan həqiqətdən daha sürətlə yayılır? | Pəri Abbaslı
Araşdırmalar göstərir ki, emosiyalarımıza toxunan və təşviş yaradan məzmunlar faktlara əsaslanan məlumatlardan dəfələrlə daha tez paylaşılır. Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı deyir ki, nəticədə alqoritmlər həqiqətə əsaslanan məzmuna deyil, insanların həssas hisslərinə toxunaraq onları reaksiya verməyə təhrik edən paylaşımlara üstünlük verir. Qonağımız vurğulayır ki, təkrar olunan yalan zamanla “həqiqət” təsiri yarada bilər, təsdiq qərəzi isə bizi sual vermədən inanmağa sövq edir.
Mon, 23 Feb 2026 - 967 - Media və reklam mesajlarında əlçatanlığın əhəmiyyəti | Əliyar Hüseynov
Reklamda əlçatanlıq mövzusunun diqqətdən kənarda qaldığını deyən Əliyar Hüseynov vurğulayır ki, görmə və eşitmə məhdudiyyətli insanlar üçün məzmuna bərabər çıxış sosial inklüzivlik, informasiya hüququ və məsuliyyətli brend davranışının ayrılmaz hissəsidir. Subtitrlər, səs təsviri, işarə dili, oxunaqlı dizayn və inklüziv qablaşdırma kimi yanaşmalar brendlərə etimadı gücləndirməyə və beynəlxalq standartlara uyğunlaşmağa imkan verir. Qonağımız əlavə edir ki, ölkədə əlçatan reklamın tətbiqi üçün təşviq mexanizmləri, texniki imkanlar və məlumatlılıq azdır.
Thu, 19 Feb 2026 - 966 - Turizmdə insan kapitalının rolu | Vəfa Kərəmova
Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, turizm Azərbaycanda məşğulluğu dəstəkləyən və regionların inkişafına birbaşa təsir göstərən mühüm sahəyə çevrilə bilər. Lakin o əlavə edir ki, sahənin rəqabət qabiliyyəti xidmət keyfiyyəti, innovasiya və planlı kadr inkişafından asılıdır. Qonağımız vurğulayır ki, yerli mütəxəssislərin rolunun artmasına baxmayaraq, gələcək inkişaf üçün sistemli təlimlərə, yenidən ixtisaslaşmaya və insan kapitalına investisiyaya ehtiyac qalır. Bu səbəbdən milli xidmət standartlarının və koordinasiyalı təlimlərin gücləndirilməsi Azərbaycanın turizm sahəsinin ehtiyac duyulan səviyyədə olması üçün olduqca önəmlidir.
Mon, 16 Feb 2026 - 965 - Səhiyyə menecmentinin önəmi | Fəqan Həsənzadə
Səhiyyə menecmenti üzrə doktorant və Universal Hospitalın direktoru Fəqan Həsənzadə bildirir ki, güclü səhiyyə yalnız peşəkar həkimlərlə deyil, düzgün qərar verən və məsuliyyət daşıyan idarəetmə ilə qurulur. Qonağımız vurğulayır ki, müasir dövrdə data təhlili, planlama və kompleks idarəetmə yanaşmaları səhiyyə idarəçiliyinin ayrılmaz hissəsinə çevrildikcə, səhiyyə menecerlərinin maliyyə, statistika və etik yanaşmanı birləşdirən çoxşaxəli biliklərə malik olması zəruri olur. Bu çıxış gələcəyin səhiyyə sistemini formalaşdıracaq görünməyən liderlərin roluna diqqət çəkməyə dəvət edir.
Thu, 12 Feb 2026 - 964 - Tarixi irsin qorunması ilə müasir inkişaf arasında balans | Murad Mir-Zadə
Memar Murad Mir-Zadə deyir ki, tarixi irsin qorunması ilə müasir inkişaf bir-birinə zidd deyil, əksinə, şəhərin gələcəyini formalaşdıran paralel proseslərdir. Qonağımız çıxışında Paris, Venesiya, İstanbul, Kopenhagen, Dubay və Bakı nümunələri üzərindən həm nəzarətsiz modernləşmənin, həm də şəhərlərin “yaşayan muzeyə” çevrilməsinin risklərini ortaya qoyur. Bu müsahibə sizi şəhərlərin öz kimliyini və davamlılığını itirmədən keçmişlə gələcək arasında necə körpü qura biləcəyinə dair düşünməyə vadar edəcək.
Mon, 09 Feb 2026 - 963 - Rəqəmsal medianın gender müzakirələrində rolu | Vəfa Əli
Sosial şəbəkələrin ictimai müzakirələrin aparıcı məkanına çevrilməsinin gender normalarına necə təsir etdiyindən danışan gender və media üzrə araşdırmaçı Vəfa Əli vurğulayır ki, medianı cəmiyyətin sadəcə güzgüsü kimi təqdim etmək onun gender təsəvvürlərini müəyyənləşdirmək gücünü görməzdən gəlmək deməkdir. Qonağımız qeyd edir ki, rəqəmsal platformalar sayəsində yaranan #MeToo kimi hərəkatlar görünürlüyü artırsa da, alqoritmlər və ənənəvi narrativlər hələ də dominant baxışları gücləndirir, alternativ səsləri isə məhdudlaşdırır.
Thu, 05 Feb 2026 - 962 - Sosial sahibkarlığın inkişafında formal və qeyri-formal institutların rolu | Turan Nağıyeva
Sosial sahibkarlıq cəmiyyətdə həqiqi dəyişiklik yarada bilərmi? Stratklayd Universiteti doktorantı Turan Nağıyeva çıxışında sosial sahibkarlığın icmalar, mədəniyyət və institutlarla necə sıx bağlı olduğunu izah edir. Qonağımız formal və qeyri-formal institutların sosial təşəbbüslərin uğurunda oynadığı həlledici rola diqqət çəkir. Bu çıxış sosial dəyərin necə müəyyən olunduğunu və niyə təkcə iqtisadi həllərin kifayət etmədiyini anlamaq üçün vacib baxış bucağı təqdim edir.
Mon, 02 Feb 2026 - 961 - Səhnə və texnologiya: İnsan, maşın və təxəyyül | Aynur Zərrintac
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi və rejissor Aynur Zərrintac interaktiv medianın müasir teatrı necə transformasiya etdiyini öz təcrübələri əsasında izah edir. Qonağımız qeyd edir ki, texnologiyanın teatra cəlb edilməsi tamaşaçının passiv izləyicidən prosesin bir hissəsinə çevrilməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, Zərrintac əldə edilən yeni imkanlarla bərabər etik dilemmaların fərqində olmağı, eləcə də sənət və tamaşaçı qarşısında məsuliyyəti unutmamağı olduqca vacib hesab edir.
Thu, 29 Jan 2026 - 960 - Xaricdə təhsil: miflər, reallıqlar və gənclərin buraxdığı səhvlər | Jalə Ələkbərova
Jalə Ələkbərova çıxışında gənclərə xaricdə təhsilə status və ya qaçış yolu kimi baxmağı dayandırmağı tövsiyə edir. Qonağımız vurğulayır ki, bu qərar emosiyalar və sosial medianın təsiri ilə deyil, rasional və strateji düşüncə əsasında verilməlidir. Uzun illər gənclərlə çalışaraq əldə etdiyi müşahidələrə əsaslanan Ələkbərova bildirir ki, bir çox gənc xaricdə təhsil almaq istəyir, lakin bu istəyin səbəblərini və onun uzunmüddətli məqsədlərlə necə əlaqələndiyini aydın şəkildə müəyyənləşdirmir.
Mon, 26 Jan 2026 - 959 - Ədəbiyyatı necə öyrətməliyik? | Ramil Əhməd
Ramil Əhməd ədəbiyyatın nə olduğu barədə təsəvvürlərimizin onun necə tədris olunmasına birbaşa təsir etməsindən danışır. Qonağumuz bildirir ki, xüsusilə məktəb proqramlarında hakim olan dar yanaşmalar şagirdlərin təxəyyülünü və tənqidi düşünmə qabiliyyətini məhdudlaşdırır. Ramil Əhməd həmçinin vurğulayır ki, ədəbiyyat bu gün tez-tez cansıxıcı və aktuallığını itirmiş bir fənn kimi qəbul olunur. Məhz buna görə də o, ədəbiyyat tədrisinin daha canlı, açıq və dinamik bir prosesə çevrilməsini təklif edir.
Thu, 22 Jan 2026 - 958 - Kino sənayesində süni zəka | Hacı Səfərov
Süni intellekt son bir neçə ildə müxtəlif istiqamətlərdə gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. Yaradıcı sahələrdə bu alətlərin tətbiqi prosesin məntiqli davamı kimi görünsə də, onlara qarşı müqavimət hələ də kifayət qədər güclüdür. Kinotənqidçi Hacı Səfərovla müsahibədə süni intellektin yaradıcı sənayenin lokomotivi sayılan kinoya təsiri, eləcə də doğurduğu yaradıcı və etik suallar barədə söhbət etdik. Qonağımız bildirir ki, bu mövzuya birmənalı müsbət və ya mənfi yanaşmaq doğru deyil, əsas məsələ süni intellekt alətlərindən məsuliyyətli şəkildə istifadə etməkdir.
Mon, 19 Jan 2026 - 957 - Keyfiyyəti şübhə doğuran elmi məqalələr | Anar Vəliyev
ADA Universitetinin dosenti Anar Vəliyev çıxışında qlobal miqyasda universitetlər arasında reytinq rəqabətinin necə yanlış istiqamət aldığını izah edir. Qonağımızın sözlərinə görə, reytinqləri yüksəltmək cəhdi bir çox ali məktəbdə elmi keyfiyyətdən çox, elmi məqalə sayının artırılmasına fokuslanmağa səbəb olub. Bu boşluğu fürsətə çevirən şirkətlər isə bu məqalələrin standartlardan kənar şəkildə, sürətli və kütləvi nəşrini təklif etməyə başlayıblar. Nəticədə elmi dəyəri zəif olan, aşağı keyfiyyətli elmi məqalələrin sayı sürətlə artıb.
Thu, 15 Jan 2026 - 956 - ABŞ-Avropa münasibətləri və NATO-nun böhranı | Rəşad Şirin
Radboud Universiteti (Niderland) araşdırmaçısı Rəşad Şirin hesab edir ki, ABŞ-Avropa münasibətlərində mövcud gərginliklərin əsas səbəbi NATO-nun rolunda yaranmış böhrandır. Qonağımızın sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan sonra NATO-nun mövcudluq məqsədi ilə bağlı suallar, o cümlədən üzv ölkələrin müdafiə xərclərindəki fərqlər uzun illərdir mübahisə mövzusu olub. Xarici siyasətdə təcridçiliyə meylli olan hazırkı ABŞ administrasiyasının hakimiyyəti dövründə isə bu fikir ayrılıqları daha da kəskinləşib.
Mon, 12 Jan 2026 - 955 - Kiçik bizneslər və sosial media | Lalə Kişiyeva
Yeni videomuzda media mütəxəssisi Lalə Kişiyeva sosial medianın kiçik bizneslər üçün necə dönüş nöqtəsinə çevrildiyini izah edir. Onun fikrincə, sosial media böyük büdcələr olmadan bazara daxil olmağa və müştərilərlə birbaşa ünsiyyət qurmağa imkan verir. Bu, yalnız satış deyil, uzunmüddətli münasibət qurmaq deməkdir. Qonağımız vurğulayır ki, uğurlu sosial media strategiyası auditoriyanı tanımaqdan başlayır: kimin üçün danışırıq, onların ehtiyac və dəyərləri nədir. Bu məlumatlar əsasında vizual üslub və mesajlar davamlı olmalıdır ki, brend tanına bilsin.
Mon, 08 Dec 2025 - 954 - Tibb bacısı/qardaşı peşəsi haqda bilməli olduqlarımız | Dr. Gülşah Ünsal Jafarov
Bizim söhbət zamanı Dr. Gülşah Ünsal Jafarov deyir ki, çoxları hələ də tibb bacılarını və tibb qardaşlarını yalnız iynə vuran, qan götürən, göstəriciləri ölçən və ya cərraha alət ötürən köməkçi kimi təsəvvür edir. Halbuki tibb bacılığı dərin nəzəri bilik, elmi yanaşma, klinik düşüncə və yüksək peşəkarlıq tələb edən mürəkkəb bir sahədir. Qonağımız vurğulayır ki, bu peşəyə təkcə təcrübə ilə yiyələnmək mümkün deyil; onun əsasında akademik hazırlıq və elmi bilik dayanır. Elə buna görə də müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da bu ixtisas artıq universitet səviyyəsində tədris olunur.
Thu, 04 Dec 2025 - 953 - “Təhsil üçün əl-ələ” layihəsi | Şəbnəm Məmmədli
Britaniya universitetlərinin məzunları tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” təşəbbüsü artıq 9 ildir ki, ucqar məktəblərə səfər edərək şagirdlərə gələcək ixtisas və peşə seçimində yardım etməyə çalışır. “Təhsil üçün əl-ələ” könüllüləri Elm və Təhsil Nazirliyinin və Britaniya səfirliyinin dəstəyi ilə 46 rayon üzrə 60-dan çox məktəbə baş çəkib, ümumilikdə 3,000-dən çox şagirdlə görüşüblər. Bu təşəbbüsün missiyası, nailiyyətləri və gələcək planları haqqında daha ətraflı məlumatı təşəbbüsün koordinatoru Şəbnəm Məmmədli ilə çəkilişimizi izləyərək əldə edə bilərsiniz.
Mon, 01 Dec 2025 - 952 - Muzeylər niyə əhəmiyyətlidir? | Şirin Məlikova
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova ilə muzeylərin mədəni yaddaşın qorunması və kimliyin formalaşmasında oynadığı rol haqda danışdıq. Muzeylərin sadəcə eksponatların sərgiləndiyi məkan olmadığını deyən müsahib əlavə edir ki, mədəni irsin toplanması, qorunması, bərpa edilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması muzeylərin gördüyü işlərə daxildir. Şirin Məlikovanın fikrincə, son illərdə Azərbaycanda muzeyləri ziyarət edənlərin sayının artması və bu ziyarətçilər arasında gənclərin payının yüksəlməsi ölkənin gələcəyi üçün ümidverici bir göstəricidir.
Thu, 27 Nov 2025 - 951 - Diaspora nədir? | Murad Quliyev
Yeni videomuzda sosial elmlər üzrə tədqiqatçı və tarixçi Murad Quliyev “diaspora” anlayışının mahiyyətini, bu anlayışın zamanla necə dəyişdiyini və bu gün niyə böyük əhəmiyyət kəsb etdiyini izah edir. “Diaspora” sözü ilk dəfə İsraildən kənarda yaşayan yəhudiləri təsvir etmək üçün istifadə olunsa da, XX əsrdən etibarən bu anlayış artıq vətənindən kənarda yaşayan istənilən etnik qrupa şamil olunmağa başladı. Qonağımız nitqində alimlərin diaspora haqda fikirləri ilə yanaşı, tarixi vətənindən kənarda yaşayan icmaların xüsusiyyətlərini, həmçinin müasir dövrün diaspora növlərini izah edir.
Mon, 24 Nov 2025 - 950 - Azərbaycan Milli Hökuməti necə yarandı və niyə süqut etdi? | Qulamhüseyn Məmmədov
Yeni videomuzda tarixçi, Qarabağ Universitetinin müəllimi Qulamhüseyn Məmmədovla 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrınadək İranda mövcud olmuş Azərbaycan Milli Hökuməti haqqında danışdıq. Qonağımız bu hökumətin qurulmasına aparan regional və qlobal müstəvidə baş verən tarixi prosesləri, İran, Sovet İttifaqı və digər qlobal qüvvələr arasındakı münasibətləri təsvir edir və Pişəvəri hökumətinin həyata keçirdiyi işlər barədə ətraflı məlumat verir.
Thu, 20 Nov 2025 - 949 - Qərarların verilməsində data və instinkt arasında balans | Ağası Quliyev
Google şirkətinin data təhlilçisi Ağası Quliyevlə qərarların qəbulunda datanın, təcrübənin və instinktlərin rolu barədə söhbət etdik. O vurğulayır ki, data düzgün təhlil edildikdə bizi doğru istiqamətləndirə bilər, amma təhlil zamanı yol verilən nöqsanlar ciddi fəsadlara səbəb ola bilər. Qonağımız qeyd edir ki, şəxsi həyatda qərarlarımıza təsir edən qərəzlər, xüsusilə Təsdiq və Sağ Qalma Qərəzləri, məlumatı obyektiv qiymətləndirməyə mane olur. O yekunda bildirir ki, ən sağlam qərarlar datanın gücü ilə insan instinktinin balansından yaranır.
Mon, 17 Nov 2025 - 948 - Kod yazmağı bacarmaq üçün universitet təhsili hələ də vacibdirmi? | Araz Yusubov
Yeni müsahibəmiz kompüter elmləri sahəsində ixtisaslaşmada universitet təhsilinin nə dərəcədə vacib olub-olmamasına həsr olunub. ADA Universitetinin müəllimi Araz Yusubov qeyd edir ki, proqramlaşdırmaya çıxışın asanlaşması yanlış təsəvvür yaradır, lakin bu sahədə effektiv olmaq üçün analitik düşüncə, məlumatlılıq və yaradıcılıq olduqca önəmlidir. Araz Yusubovun fikrincə, universitetlər artıq özlərini yalnız bilik verən qurumlar kimi deyil, innovasiya və təşəbbüskarlıq mərkəzləri kimi təqdim edirlər.
Thu, 13 Nov 2025 - 947 - Su Ehtiyatlarının İdarəedilməsi üzrə Magistratura Proqramı | Martin Qodon
Azərbaycan-Fransız Universiteti artıq on illik fəaliyyəti nəticəsində ölkəmizdə müasir elmi və texnoloji təhsilin mühüm mərkəzinə çevrilib. Həm Azərbaycan, həm də Fransa diplomu qazanmaq imkanı verən universitet bu payız “Su Ehtiyatlarının İdarəedilməsi” adlı yeni magistr proqramına start verib. Universitetin baş katibi Martin Qodon bildirir ki, bu ixtisas ölkənin iqtisadi inkişaf prioritetlərinə, eləcə də qlobal trendlərə cavab verir və proqram su, enerji və iqlim problemlərinə elmi və mühəndislik yanaşması ilə həll tapmağa yönəlib.
Mon, 10 Nov 2025 - 946 - Tələbələri süni zəka ilə bağlı düşündürməli olan suallar | Teymur Məlikov
Süni zəka təhsildə böyük imkanlar açır, amma eyni zamanda vacib suallar doğurur. Teymur Məlikov soruşur: əgər hər şeyi hazır cavablarla əldə ediriksə, müstəqil düşünməyi necə öyrənəcəyik? Onun fikrincə, tələbələrin səsi bu müzakirələrdə eşidilməlidir, çünki süni zəkanın ən fəal istifadəçiləri elə onlardır. Müəllimlərin əsas missiyası isə onları düşünməyə və suallar verməyə təşviq etməkdir. Məlikov vurğulayır ki, süni zəka dəyərli bir fürsətdir, amma insanın yaradıcılığı və təfəkkürü həmişə ön planda qalmalıdır.
Thu, 06 Nov 2025 - 945 - Təhsildə valideynlərin rolu | Elnur Xəlilov
Təhsil sistemi ilə bağlı narazılıqların və məktəblərdən yüksək gözləntilərin bütün ölkələrə xas xüsusiyyət olduğunu deyən riyaziyyat müəllimi və müəllif Elnur Xəlilov əlavə edir ki, valideynlər çox vaxt uşaqlarının təhsil nailiyyətlərində öz rollarını nəzərə almırlar. Müxtəlif araşdırmalara əsasən valideynlər və uşağın böyüdüyü mühit onun akademik uğurlarına məktəbdən daha çox təsir göstərir. Qonağımız vurğulayır ki, evdə kitab oxumaq, gündəlik söhbətlər aparmaq və övladın maraqlarına diqqət yetirmək uşaqların təhsildə böyük fərq yaradır.
Mon, 03 Nov 2025 - 944 - Bağçanın uşaqların formalaşmasında rolu | Nilufər Mehdiyeva
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva vurğulayır ki, valideynlərin bir çoxu bağçanı yalnız öz işlərini gördükləri müddətdə uşaqlarının vaxt keçirəcəyi yer kimi görür. Halbuki bağça uşağın ilk sosial mühitidir və burada o, ayrılığa dözümlü olmağı, emosiyalarını idarə etməyi, paylaşmağı və empati qurmağı öyrənir. Onun sözlərinə görə, valideynin bağçaya münasibəti uşağın adaptasiyasına birbaşa təsir göstərir. Qonağımız əlavə edir ki, təbiətlə təmas və sərbəst qidalanma vərdişləri uşağın inkişafı üçün olduqca əhəmiyyətlidir və övladlarını bağçaya verən valideynlər bunu mütləq nəzərə almalıdırlar.
Thu, 30 Oct 2025 - 943 - Proqramçılıq peşəsi necə dəyişib? | Cəmaləddin Həsənov
ADA Universitetinin müəllimi Cəmaləddin Həsənov ilə proqramlaşdırma ixtisasının son onilliklərdə keçdiyi transformasiya, hazırda bazarda bu ixtisas sahiblərinə olan tələbatın azalması ilə bağlı narahatlıqlar və potensial ixtisas seçərkən gənclərin nəzərə almalı olduqları məqamlar barədə danışdıq. Qonağımızın sözlərinə görə, süni intellekt və avtomatlaşdırma sayəsində proqramlaşdırma daha çox praktiki bacarıqlara çevrilib və bu sahəyə yiyələnmək daha əlçatan olub, lakin ixtisasa həqiqi dəyər gətirən, hər zaman insanların bu sahəyə göstərdiyi maraq və yaradıcı yanaşmadır.
Mon, 27 Oct 2025 - 942 - Qadınların əmək hüquqları | Təranə Qurbanova
Qadınların əmək hüquqları qanunvericilikdə xüsusi yer tutur. Məsələn, işəgötürənlər qadınların ailə vəziyyətinə və ya övlad sahibi olmasına görə onlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilməzlər. Qadınlar doğuşdan əvvəl və sonra ödənişli məzuniyyət, həmçinin əlavə istirahət günləri hüququna malikdirlər. Bundan əlavə, hamilə və azyaşlı övladı olan qadınların əmək müqaviləsinə yalnız müəssisə bağlandıqda və ya müqavilə müddəti başa çatdıqda xitam verilə bilər. İnsan resursları üzrə mütəxəssis Təranə Qurbanova əmək məcəlləsində nəzərdə tutulan bu müddəaları izah edir.
Thu, 23 Oct 2025 - 941 - Vaksinlər barədə bilməli olduqlarımız | Şahnaz Həsənova
Bəşəriyyətin ən böyük ixtiralarından biri sayılan vaksinlər hər il milyonlarla insanın həyatını xilas edir. Hazırda 30 xəstəliyə qarşı peyvənd olduğunu deyən vaksinasiya kommunikasiyası üzrə mütəxəssis Şahnaz Həsənova əlavə edir ki, vaksinlər sayəsində çiçək xəstəliyi tamamilə aradan qaldırılıb, polionun isə tamamilə yox edilməsi gözlənilir. Bununla belə, son illər artan dezinformasiya bəzi valideynlərin uşaqlarını vaksinlərdən yayındırmasına səbəb olub. Qonağımız qeyd edir ki, tibb işçiləri valideynlərin narahatlıqlarını anlamalı, suallarını diqqətlə dinləməli və elmi əsaslarla cavablandırmalıdırlar.
Mon, 20 Oct 2025 - 940 - Azərbaycanda aqrar sahənin potensialı və yeni dövrün çağırışları | Vüqar Mamedov
Sərmayələrin idarəedilməsi strategiyası üzrə mütəxəssis Vüqar Mamedovla ölkənin kənd təsərrüfatı sektorundakı nailiyyətlər və aqrar sahənin potensialı haqqında danışdıq. Qonağımız bu sahədə yüksək texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayaraq, artıq dronların, süni intellektin və ağıllı sensorların kənd təsərrüfatını dəyişdiyini qeyd edir. Lakin spiker xəbərdarlıq edir: gələcək uğur təkcə texnologiyadan deyil, həm də yeni nəsil peşəkarların bu sahəyə cəlb olunmasından asılı olacaq.
Thu, 16 Oct 2025 - 939 - Datadan yaranan xidmətlər həyatımızı necə daha rahat edir? | Yaşar Əhmədov
Data elmi artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz alış-veriş edəndə, musiqi dinləyəndə, taksidən istifadə edəndə və hətta münasibətlər quranda belə. Yaşar Əhmədov qeyd edir ki, data əsasında qurulan sistemlər insanların həm vaxtına, həm də resurslarına qənaət edərək, həyat keyfiyyətini yüksəldir. Qonağımız vurğulayır ki, gələcəyin uğuru datadan necə istifadə etməyimizdən asılı olacaq.
Mon, 13 Oct 2025 - 938 - Süni zəka, əmək bazarı və qanunvericilik | Anar Əlizamanlı
Hüquqşünas Anar Əlizamanlı ilə süni zəkanın əmək bazarına və hüquqa təsirindən danışdıq. O bildirir ki, süni zəka konsultantlıq və hüquq kimi ağ yaxalı peşələri avtomatlaşdırmaqla yanaşı, çox sayda başlanğıc səviyyəli iş yerlərinin ixtisarına səbəb olub. Bu isə gənc mütəxəssislərin təcrübə qazanmaq imkanlarını məhdudlaşdıraraq, şirkətlərin və ölkələrin kadr yetişdirmə potensialını risk altına qoyur. Qonağımız qeyd edir ki, bəzi təhlilçilər bu innovasiyanın iqtisadiyyata müsbət təsir göstərəcəyinə inansalar da, mövcud hesabatlar süni zəkanın yeni iş yerlərindən dəfələrlə çoxunu ixtisar edəcəyini göstərir.
Thu, 09 Oct 2025 - 937 - Sinif otağında süni zəka: Alət, müəllim, yoxsa təhdid? | Rəna Ələsgərova
Bakı-Oksford Məktəbinin tam orta təhsil üzrə direktor müavini Rəna Aləsgərova ilə süni zəkanın təhsildə transformativ rolunu müzakirə etdik. Spiker qeyd edir ki, bəzi təhsil müəssisələri süni zəkanın istifadəsini qadağan edir və ya məhdudlaşdırır. Halbuki süni zəka artıq siniflərdədir və onu qadağan etmək və ya yanlış tətbiq etmək əvəzinə, düzgün şəkildə təhsilə inteqrasiya etmək vacibdir. Rəna Aləsgərova vurğulayır ki, süni zəka şagirdlərin öyrənmə imkanlarını genişləndirə bilər, lakin onların tənqidi düşüncə və təhlil bacarıqlarının zəifləməsinin qarşısını almaq müəllimlərin əsas vəzifələrindən biridir.
Mon, 06 Oct 2025 - 936 - Məktəblərdə uşaqların qorunması: İngiltərə təcrübəsi | Zeynəb Rzayeva
Təhsil eksperti Zeynəb Rzayeva ilə İngiltərə məktəblərində uşaqların mühafizəsi üzrə tədbirlər planlarının necə icra edildiyini müzakirə etdik. Qonağımız vurğulayır ki, uşaqların mühafizəsi tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq məktəb heyətinin bütün üzvlərinin məsuliyyətidir. O, əməkdaşların fiziki, emosional, cinsi istismar və laqeydlik kimi müxtəlif zorakılıq formalarını tanımasının və tərəddüd etmədən tədbir görməsinin vacibliyini qeyd edir.
Thu, 02 Oct 2025 - 935 - Ölkədə idmana daha ciddi münasibət göstərilməlidir | Nəzrin Qəribova
ABŞ-da böyüyən Nəzrin Qəribova sonradan Azərbaycana köçüb. Hazırda xizək alpinizmi üzrə ölkə komandasının üzvü olan Nəzrin deyir ki, uşaq və yeniyetmə yaşlarında müxtəlif idman növləri həyatının ayrılmaz bir hissəsi olub. Onun sözlərinə görə, idman ona dözümlülük, komanda ruhu, özünəinam və intizam kimi dəyərləri aşılayıb və bu təcrübə həyatının hər mərhələsində ona faydalı olub. Qonağımızla gənclərin formalaşmasında idmanın rolu, xüsusilə də ABŞ və Azərbaycan gənclərinin idmana yanaşmaları və onlara təqdim edilən imkanların müqayisəsi barədə söhbət etdik.
Mon, 29 Sep 2025 - 934 - Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı | Nəzrin Əsgərova
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı qadınlarla bağlı mövzulara diqqət çəkmək, qadınların hekayələrini önə çıxarmaq və cəmiyyət tərəfindən geniş müzakirə edilməyən mövzuları gündəmə gətirmək üçün yaradılıb. Festival əsasən qadın rejissorların filmlərinə və ya qadınların həyat hekayələrini əhatə edən sənədli filmlərə üstünlük verir. Festivalın meneceri Nəzrin Əsgərova ilə bu təşəbbüsün missiyası, nailiyyətləri və qarşılaşdığı çətinliklər barədə danışdıq.
Thu, 25 Sep 2025 - 933 - Neft və qaz sərvəti ilə uşaqların gələcəyinə sərmayə | Aytəkin Hüseynli
Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli qeyd edir ki, neft, qaz və mineral sərvətlə zəngin ölkələr bu resursları olmayan zəngin ölkələrlə müqayisədə sosial müdafiə, təhsil və səhiyyə sahələrində geri qalır və bunun nəticəsində həmin ölkələrdə həm həssas qruplar, həm də bütövlükdə ailələr və uşaqlar daha çətin vəziyyətlə üzləşirlər. Qonağımız bizimlə söhbət zamanı təbii sərvətləri olan ölkələrdə uşaqların gələcəyinə sərmayə qoyulmasının mexanizmi ilə bağlı apardığı tədqiqatdan danışıb.
Mon, 22 Sep 2025 - 932 - Məktəblərdə musiqi fənni niyə vacibdir? | Sara Timurova
Bizimlə söhbətində musiqişünas, “Akustik Palitra” Musiqi Məktəbinin direktoru Sara Timurova musiqi təhsilinin həm fərdi, həm də ictimai inkişaf üçün həyati əhəmiyyət daşıdığını bildirir. Qonağımız izah edir ki, musiqi sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda mədəni kodların daşıyıcısı, emosiyaların dili, yaddaş, sağalma, ünsiyyət və həyata məna qatan bir vasitədir. O əlavə edir ki, estetik dəyərindən başqa musiqi uşaqlar üçün güclü mənəvi və intellektual tərbiyə vasitəsi ola bilər.
Thu, 18 Sep 2025 - 931 - İnnovasiya ekosisteminin sütunları | Tuğra Musayeva
"PAŞA Holding"in Korporativ İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva ilə Azərbaycandakı innovasiya ekosistemi, xüsusilə də bu ekosistemin səmərəli fəaliyyəti üçün istedadların yetişdirilməsi və dəstəkləyici mühitin yaradılması barədə danışdıq. Qonağımız innovasiyaların həm idxalı, həm də daxildə inkişafı ilə bağlı müxtəlif strategiyaların xüsusiyyətlərini izah etməklə yanaşı, innovasiyaların yaranması üçün şirkətdaxili mədəniyyətin uyğunlaşmaya məcbur olduğunu vurğulayır.
Mon, 15 Sep 2025 - 930 - Uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirlər: Mif, yoxsa həqiqət? | Murad Akifsoy
Uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy ilə cəmiyyətdə uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirləri müzakirə etdik. Qonağımız cavablarında valideynlərin bəzən işlətdiyi ağır sözlər və uşaqlara qarşı təhqirlər, həmçinin disiplin anlayışının yanlış yozulması və uşaqların onlarla mübahisə etməsinə qarşı dözümsüzlükləri mövzularına xüsusi diqqət ayırdı.
Thu, 11 Sep 2025 - 929 - Gələcəyin qidası | Nərmin Axundova
Artan dünya əhalisinin qida ehtiyaclarının qarşılanması, kənd təsərrüfatına yararlı torpaqların azalması və iqlim dəyişikliyinin yaratdığı çətinliklər qida sənayesində köklü dəyişiklikləri zəruri edir. Molekulyar bioloq Nərmin Axundova bildirir ki, bu dəyişikliklər birdən-birə baş verəcək inqilab deyil, artıq müşahidə olunan davamlı bir prosesdir. Süni ət, GMO məhsulları və qidaların zənginləşdirilməsi kimi yeni yanaşmaların istehlakçılar tərəfindən birmənalı qarşılanmadığını qeyd edən spiker vurğulayır ki, bəşəriyyət yalnız bu innovasiyaları qəbul etməklə gələcəkdə davamlı, təhlükəsiz və etik qida təminatını əldə edə biləcək.
Mon, 08 Sep 2025 - 928 - Oyunlaşdırma nədir və necə işləyir? | Şahin Əliyev
“Dynamic Box Studio” şirkətinin həmtəsisçisi Şahin Əliyev oyunlaşdırma anlayışından və onun həm iş, həm də təhsil mühitində səmərəliliyi artırmaq potensialından danışıb. Qonağımız 1913-cü ildə Henri Fordun konveyer xəttini tətbiq etməklə istehsalata inqilab gətirməsinə baxmayaraq, bu prosesin işçilərdə motivasiya itkisinə səbəb olduğunu vurğulayır və əlavə edir ki, oyunlaşdırma yanaşması həm əməkdaşların, həm də tələbələrin motivasiyasını yüksək saxlamaq və daha yaxşı nəticələr əldə etmək üçün səmərəli vasitədir.
Thu, 04 Sep 2025 - 927 - Təhsilin gələcəyi: Süni zəka və çoxşaxəli zəka | Abbas Abbasov
Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasov bildirir ki, bu gün təhsil sistemləri süni zəkanın yaratdığı dəyişikliklərə cavab olaraq özünü yenidən kəşf etməyə məcburdur. Qonağımız vurğulayır ki, süni zəkanın əlçatan olması ilə daha da dərinləşən böhranın əsas səbəblərindən biri təhsilin məntiqi və linqvistik bacarıqları ölçən standartlaşdırılmış imtahanlardan asılı olmasıdır. Spikerin sözlərinə görə, insan zəkası yalnız bu bacarıqlardan ibarət deyil və təhsil bütün zəka formalarını inkişaf etdirəcək şəkildə qurulmalıdır.
Mon, 01 Sep 2025 - 926 - Xaricdə təhsillə bağlı valideynlərin buraxdığı səhvlər | Günay Məsimova
Xaricdə təhsil mütəxəssisi Günay Məsimova valideynlərin övladlarını məktəbdən uzaqlaşdıraraq diqqəti yalnız xarici universitetlərə qəbul üçün tələb olunan test hazırlığına yönəltməsinə diqqət çəkir. Qonağımız bildirir ki, bu testlər qəbul üçün vacib olsa da, məktəb fənlərinin və fundamental biliklərin arxa plana atılması gələcəkdə tələbələr üçün ciddi çətinliklər yaradır. Bununla yanaşı, qonağımız azərbaycanlı gənclərin xaricdə təhsil alarkən müstəqil həyata yetərincə hazır olmamalarının da əlavə problemlərə səbəb olduğunu vurğulayır.
Thu, 31 Jul 2025 - 925 - Yaradıcılıq gücü: Reklamlar insan davranışını necə dəyişdirir? | Orxan Kərim
Endorphin reklam agentliyinin rəhbəri Orxan Kərim hesab edir ki, reklam kommunikasiyanın aparıcı aləti olmaqla yanaşı, cəmiyyətdə əhəmiyyətli dəyişikliklər yarada biləcək güclü bir vasitədir. Onun fikrincə, müasir brendlər yalnız satışa yönəlik kampaniyalara deyil, sosial təsir gücünə malik təşəbbüslərə də üstünlük verməlidirlər. Qonağımız əlavə edir ki, empatiya və strateji baxışa əsaslanan məqsədyönlü marketinq cəmiyyətdə uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.
Mon, 28 Jul 2025 - 924 - Jest dili haqda bilməli olduqlarımız | Nuranə Abıyeva
Jest dili üzrə təlimçi Nuranə Abıyeva ilə bu ünsiyyət formasının cəmiyyətdə tutduğu əhəmiyyətli roldan danışdıq. Çıxışında o, jest dili ilə bağlı geniş yayılmış yanlış təsəvvürləri qeyd edərək vurğuladı ki, bu dil yalnız eşitmə və danışma məhdudiyyəti olan şəxslər və onların yaxınları üçün deyil, bütövlükdə cəmiyyət üçün önəmli ünsiyyət vasitəsidir. Qonağımız həmçinin qeyd edir ki, jest dili təkcə kommunikasiya vasitəsi deyil, həm də mədəniyyət və kimlik daşıyıcısıdır. Məhz bu səbəbdən, onun öyrənilməsi cəmiyyətin daha anlayışlı və bərabərhüquqlu gələcəyinə atılan vacib addımdır.
Thu, 24 Jul 2025
Podcasts ähnlich wie Əkinçi
El Partidazo de COPE COPE
Herrera en COPE COPE
La Linterna COPE
Es la Mañana de Federico esRadio
La noche de Cuesta esRadio
La Trinchera de Llamas esRadio
Hondelatte Raconte Europe 1
Affaires sensibles France Inter
LEGEND Guillaume Pley
CHRONIQUES CRIMINELLES Jacques Pradel - TF1
El colegio invisible OndaCero
La Rosa de los Vientos OndaCero
Les grands dossiers de l'Histoire par Franck Ferrand Radio Classique
Espacio en blanco Radio Nacional
Entrez dans l'Histoire RTL
Le grand récit RTL
Les Grosses Têtes RTL
L'Heure Du Crime RTL
El Larguero SER Podcast
Nadie Sabe Nada SER Podcast
SER Historia SER Podcast
Todo Concostrina SER Podcast
Un Libro Una Hora SER Podcast
HISTORIAS DE LA HISTORIA VIVA RADIO
